Azərbaycanda işə necə düzəlmək olar?

This entry was posted by CİVƏ on Wednesday, 25 November, 2009 at

“İşləməyən dişləməz”,- deyirlər. Amma işə necə düzəlmək olar, bax, bunu demirlər. Azərbaycanda işə düzəlməyin yollarından xəbərdar olmaq istəyirsinizsə, Vüsalə, Yusif və Cavadın təcrübələrini oxuyun:

1- ci yol. Tanışlıq, yəni adamın adamı

“İşləmək istəyirəm, məni işə düzəldin”, – valideynlərim bu sözlərdən təngə gəlsə də, özüm heç vaxt iş axtarmaq barədə düşünmürdüm. Fikirləşdim ki, onlar daha yaxşı iş tapacaqlar – Bu sözləri söyləyən Vüsalə İsmayılova “Everest” dil kursunda menecer vəzifəsində çalışır. İşə tanışlıqla düzəlib.
“Əvvəl xalam da burada işləyirdi. Elə oldu ki, kursa kadrlar tələb olundu və o, məni işə düzəltdi. Öncə katibəlikdən başlasam da, artıq menecerem. Əvvəllər sənədlərlə işləməyə icazə vermirdilər. Amma mən bütün işlərlə maraqlanırdım. İndi işimdən zövq alıram.”
Vüsalənin fikrincə, indiki dövrdə seçim imkanı az deyil. Çoxlu holdinqlər, şirkətlər yaranıb. Sadəcə gərək savadlı olasan, həm də tanışın olsun. “Tanışlıqla işə düzələndə adam rahat olur. Bilirsən ki, sənə heç kim toxunmayacaq. Məncə, indi Azərbaycanda işə düzəlməyin ən asan yolu tanışlıqdır”.
2- ci yol. Test üsulu və ya sualın doğru cavabı

“Azərbaycan Respublikasına sadiq olacağıma , onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanuna uyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm.”- o da bu andı içmək və dövlət qulluqçusu olmaq istəyirdi.
Adı Yusifdir. 1999- cu ildə Beynəlxalq münasibətlər fakültəsini bitirib. Hazırda menecer vəzifəsində çalışır.
“Bir dostum dedi ki, istəyirsənsə, dövlət qulluğuna gir. Dostum bu işlə məşğul olan Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elektron ünvanını da dedi: www.csc.gov.az. Burada vaxtaşırı boş iş yerləri üçün elanlar verilir. Elanda deyilmişdi ki, 30 gün içində sənədlər təqdim olunmalıdır. 2 yerə ərizə verdim. Işləmək istədiyim sahədə hazırlaşdım.10 gün ərzində müsabiqə keçirildi. Əvvəlcə test imtahanı oldu . İmtahandan keçə bilmədim.”- Yusif bu sözləri təəssüflə deyir.
Müsahibim testdən keçə bilməyib. Ona görə də sonrakı mərhələləri “Dövlət Qulluğu” haqqında AR Qanununa uyğun olaraq mən açıqlayacam.
Sonrakı mərhələ – söhbət idi. Söhbətdən uğur qazanmış namizədlər dövlət orqanı rəhbərinə təqdim olunur. O, bu şəxslərdən birini seçir və 1 illik stajçı qulluğa götürür. Bu dövrdə həmin stajçının kuratoru onun işini izləyir. Stajçının daimi işə götürülüb- götürülməməsi kuratordan bilavasitə asılıdır. Kuratorun stajçı barədə fikri müsbət olarsa, o müqavilə bağlamaqla 2 illik sınaq müddəti ilə işə götürülür. 2 il bitdikdən sonra kontrakta zidd hallar olmayıbsa, stajçı daimi işə qəbul edilir.
“Dövlət Qulluğu” haqqında AR Qanunu 2000- ci il iyulun 21- də qəbul edilib. 2001- 2007- ci illər ərzində qanuna 17 dəfə əlavə və dəyişikliklər edilib. Bu qanundan irəli gələn vəzifələri həyata keçirmək üçün 2005 –ci il yanvarın 19 – da AR prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb. Komissiya əsasnamə üzrə fəaliyyət göstərir.
 Yalnız 16 yaşına çatmış və müəyyən peşə hazırlığı olan vətəndaşlar dövlət qulluqçusu ola bilərlər.
 Yaxın qohumlar – ər- arvad, onların valideynləri, qardaşları, bacıları, övladları – eyni yerdə dövlət qulluqçusu ola bilməzlər.
3- ci yol. Elan: şanslar əlli əlliyədir…

Cavad Cavadov təcili iş axtarırdı. Qəzetdəki iş elanlarını vərəqləyəndə belə bir elan diqqətini çəkib: “Ciddi və işgüzar şəxslərin nəzərinə: əgər siz daha çox pul qazanmaq istəyirsinizsə bizim ofisə gəlin. İş qrafiki sərbəstdir”.
- Fikirləşdim ki, bu elə mənlikdir. Elandakı telefon nömrəsinə zəng edib şirkətin bölmələrindən birinin rəhbəri Vüsalə xanımla danışdım. Ofis Cəlil Məmmədquluzadə 9 ünvanında, dəmir daravazalı bir həyətdə yerləşirdi. Əvvəlcə içəri girməyə də qorxurdum. Çünki qapıda iri hərflərlə yalnız “OFİS” yazılmışdı. Ofisdə onu Vüsalə xanım qarşıladı. Işin nədən ibarət olduğunu soruşduqda: “bu barədə qeydiyyata düşdükdən sonra bilgi verə bilərik”,- dedi.
Qeydiyyat üçün sadəcə şəxsiyyət vəsiqəsi lazım idi. Sonra Vüsalə xanım iş barədə məlumat verdi: “Tiens” şirkəti 90-cı illərdə yaradılıb, mərkəzi Pekində yerləşir. Çox ölkədə filialı var. Bioaktivlərin satışını həyata keçirir. Burada siz mal satmayacaqsınız, sadəcə insanlara mallar barədə məlumat verəcəksiniz. Bunu yalnız ofisin daxilində edə bilərsiniz. Sizinlə “Beynəlxalq Əmək müqaviləsi” bağlanacaq, bu o deməkdir ki, hansı ölkəyə getsəniz firmanın filialından aylıq maaşınızı alacaqsınız. Bunun üçün 10 manat pul ödəməlisiniz. Bu həm də 1 həftəlik təhsil haqqı olacaq, təhsil müddətində işi necə görməyi öyrənəcəksiniz. Əmək haqqı isə 288 manatdır.
Cavad bu təkliflə razılaşıb: “Bir həftə keçirilən dərslərdə iştirak etdim. Bu müddətdə yalniz bioaktivlərin satış yolları izah olundu. Lakin satılan malları əvvəlcə özüm 25% endirimlə almalıydım. Qiyməti isə baha idi. Vüsalə xanımın dedikləri özünü doğrultmadı. Buna görə də işi tərk etdim.”
Cavadın fikrincə, elanla işə düzəlmək bəxtdən asılıdır. Bu alına da bilər, alınmaya da….

2 Responses to “Azərbaycanda işə necə düzəlmək olar?”

  1. c++

    Delphi 7-ni bilirem Gdu-nun riy.infor fakultesini bitirmisem. Elave olaraq delphinin kursuna da getmisem ama is tapa bilmirem xarabada

  2. Gözəl yazıdır təbriklər. Əslində mənim fikrimcə özünü öz ixtisasına adamalısan. O ixtisas üzrə ən yaxşısı olmaq üçün əlindən gələni etməlisən. Və ən əsası ixtisasını sevməlisən. İxtisasına iş olaraq deyil hobi olaraq görməlisən. o zaman iş tapmaq da asan olar. (Bu mencesidir :) )

    PS: “Işin nədən ibarət olduğunu soruşduqda: “bu barədə qeydiyyata düşdükdən sonra bilgi verə bilərik”,- dedi.”

    ama burda demisiniz inşallah bu problem teşkil etməz :)


Leave a Reply